Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Mitral qapaq çatışmazlığı yaradan səbəblər

Kəskin mitral çatışmazlıq miokard infarktı, ürəyin küt travması, infeksion endokardit zamanı mitral qapaq taylarının qopması, məməciyəbənzər əzələlərin, xorda vətərlərinin cırılması nəticəsində inkişaf edə bilər. Miokard infarktı ilə əlaqədar məməciyəbənzər əzələlərin cırılması 80-90% hallarda ölümlə sonlanır.

Xroniki mitral çatışmazlığa sistem xəstəlikləri: revmatizm, sklerodermiya, qırmızı qurd eşənəyi, Leffler endokarditi zamanı qapağın zədələnməsi səbəb olur. İzoləolunmuş mitral çatışmazlıqların təxminən 14%-i ürəyin revmatik xəstəliyi ilə bağlıdır.

Mitral çatışmazlığa mitral qapağın prolapsı, cırılması, xorda vətərləri və papillyar əzələlərin qısalması və ya uzanması gətirib çıxara bilər.

Nisbi mitral çatışmazlıq qapaq aparatı zədələnmədən sol mədəcik boşluğunun və fibroz həlqənin genişləndiyi hallarda inkişaf edir. Belə dəyişikliklər dilatasion kardiomiopatiya, ÜİX və arterial hipertenziyanın proqressivləşən gedişi, miokarditlər, aortal çatışmazlıq zamanı müşahidə olunur.

Mitral çatışmazlığın nadir rast gəlinən səbəblərinə tayların kalsinozu, hipertrofik kardiomiopatiya və s. aiddir. Anadangəlmə mitral çatışmazlıq mitral qapaq taylarının parçalanması, qapağın paraşütəbənzər deformasiyası zamanı müşahidə olunur.

Ağır hallarda ürəkdə cərrahi əməliyyatla qapaq dəyişilir. Qapaqlar təmir edilir və ya protez qapaqla dəyişdirilir. Uyğun xəstələrdə qapaq əməliyyatları döş sümüyü kəsilmədən kiçik kəsiklə icra olunur.